BAKI, 29 dekabr. TELEQRAF

Sakit okeanda yerləşən Palau ABŞ-dən deportasiya edilən 75 nəfəri qəbul edəcək.

Teleqraf xəbər verir ki, Sakit okeanda yerləşən kiçik Palau dövləti ABŞ administrasiyası ilə əldə olunan razılaşma çərçivəsində ABŞ-dən deportasiya edilən 75 nəfərə qədər şəxsi qəbul etməyə razılıq verib.

Məlumata görə, razılaşma qarşılığında ABŞ Palauya 7,5 milyon dollar məbləğində maliyyə yardımı ayıracaq. Palau hökuməti bu addımı ölkədə mövcud olan əmək çatışmazlığı ilə əsaslandırıb.

Palau Prezidenti Surancel Uippsin ofisindən verilən açıqlamada bildirilib ki, imzalanmış memorandum çərçivəsində üçüncü ölkə vətəndaşı statusuna malik, cinayət məsuliyyətinə cəlb olunmamış şəxslər Palau ərazisində yaşamaq və işləmək imkanı əldə edəcək.

ABŞ-nin Palau­dakı səfirliyi isə bəyanatında Vaşinqtonun Palau hökumətinin ABŞ-nin miqrasiya qanunlarının icrasına verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirilib ki, ayrılan vəsait Palau­nun dövlət xidmətləri sahəsindəki ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Razılaşmaya əsasən, ABŞ administrasiyası əlavə olaraq Palau­nun dövlət qulluqçularının pensiya sisteminin dəstəklənməsi üçün 6 milyon dollar, hüquq-mühafizə sahəsində yeni təşəbbüslər üçün isə 2 milyon dollar ayıracaq.

Qeyd edək ki, Tramp administrasiyası kütləvi deportasiya siyasətini sürətləndirdiyi bir vaxtda bir sıra ölkələr ABŞ-dən deportasiya olunan miqrantların qəbuluna razılıq verib. Həmin ölkələr sırasında Uqanda, Ruanda, Esvatini, Cənubi Sudan, Kosta-Rika, Panama və Salvador da yer alır.