BAKI, 28 dekabr. TELEQRAF
Roma Papası XIV Leo Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinə humanitar yardım məqsədilə 100 min porsiya şorba göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, humanitar yardım üç yük avtomobili ilə Ukraynaya çatdırılıb və yardıma su əlavə edildikdən sonra qidalandırıcı toyuqlu və tərəvəzli şorbalara çevrilən 100 min paket dehidratlaşdırılmış məhsul daxildir. Yardım əsasən tez-tez atəşə tutulan cəbhəyanı ərazilərdə paylanacaq.
Kardinal Konrad Kraevski bildirib ki, XIV Levin bu hədiyyəsi sığınacaq axtarışında “via dolorosa” (latınca “əzab yolu”) ilə irəliləyən ailələrə dəstək jestidir. Onun sözlərinə görə, bu addım çətin şəraitdə yaşayan insanlara həm mənəvi, həm də humanitar yardım məqsədi daşıyır.
Qeyd edək ki, yardım Katolik Miladı ərəfəsində Ukraynaya göndərilib və Müqəddəs Taxt-Tacın münaqişədən əziyyət çəkən mülki əhaliyə dəstək səylərinin bir hissəsidir.