BAKI, 29 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 175 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 63 nəfər xilas edilib, 21 nəfər təxliyə olunub, 12 nəfər xəsarət alıb, hadisələr zamanı 7 nəfər həyatını itirib.