BAKI, 29 dekabr. TELEQRAF
2025-ci ildə Türkmənistan ərazisindən konteyner daşımalarının sayı artıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Dəmir Yolu Nəqliyyatı Nazirliyi məlumat yayıb.
Yanvar-noyabr aylarında Türkmənistan ərazisindən 19 min konteyner daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9405 ədəd çoxdur.
9250 konteyner tranzit axınının əsas hissəsini təşkil edib. İxrac 5650, idxal isə 4100 konteynerə çatıb.
Rəqəmlərdəki artım beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və multimodal marşrutların genişlənməsi ilə əlaqədardır. Hesabat dövründə əsas marşrutlar üzrə 63 konteyner qatarı yola salınıb.
Daşınmalar Şimal-Cənub dəhlizi (Rusiya-Qazaxıstan-Türkmənistan-İran), Lazurit marşrutları və Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya, eləcə də Özbəkistan istiqamətində həyata keçirilib.
Nazirlik qeyd edir ki, konteyner qatarlarının sayının artması və mövcud tarif siyasəti ölkə ərazisindən tranzit daşımalarının artmasına töhfə verir.