BAKI, 28 dekabr. TELEQRAF
Skandinaviyada baş verən “Yohannes” adlı qış fırtınası Norveç, İsveç və Finlandiyanı bürüyərək insan tələfatına, eləcə də genişmiqyaslı elektrik enerjisi kəsintilərinə yol açıb.
Teleqraf xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Bildirilir ki, güclü qar yağışı və qasırğa sürətli küləklər nəticəsində region ölkələrində yerüstü nəqliyyatın və bərə əlaqələrinin fəaliyyətində ciddi fasilələr yaranıb. Yerli KİV-lərin məlumatına görə, ölkədə 40 minə yaxın ev təsərrüfatı işıqsız qalıb.
İsveçin paytaxtı Stokholmdan 200 kilometr məsafədə yerləşən Sandviken şəhərində bir kişi qırılan ağac budağının üstünə düşməsi nəticəsində ölüb. Enerji şirkəti "Hemab"ın əməkdaşı açıq havada iş görərkən üzərinə ağac aşması nəticəsində həlak olub.
Finlandiyada isə güclü külək Cenevrədən gələn "Swiss Airlines" sərnişin təyyarəsini uçuş-enmə zolağından kənara, qar yığınına sürükləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.