BAKI, 28 dekabr. TELEQRAF

Macarıstan hakimiyyəti 2026-cı ildə qüvvəyə minəcək Avropa İttifaqının miqrasiya paktının şərtlərini yerinə yetirmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkələrdə paylaşım edib.

Nazir bildirib ki, Budapeşt miqrantların qəbuluna qarşıdır və ölkədə paralel cəmiyyətlərin formalaşmasını istəmir. Onun sözlərinə görə, Macarıstan vətəndaşları bayram günlərini qorxu içində keçirməməlidir.

“Biz miqrant istəmirik, paralel cəmiyyətlər istəmirik və Milad bayramlarını qorxu şəraitində keçirmək niyyətində deyilik”, – deyə Siyarto vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında terror aktı baş vermişdi. Hadisə Avropada təhlükəsizlik və miqrasiya siyasəti ilə bağlı müzakirələri daha da gücləndirmişdi.