BAKI, 28 dekabr. TELEQRAF

"Pokrovsk yaxınlığında rus qoşunları dəmiryolunun şimalına doğru irəliləməyə çalışsa da, uğursuzluqla üzləşiblər. Müdafiə qüvvələri Pokrovsk şəhərinin şimal hissəsini nəzarətdə saxlayır. Rusların dəmiryolunun şimalına irəliləmək cəhdləri uğursuz olub".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 7-ci Hərbi Korpusu "Telegram" kanalında məlumat verib.

Eyni zamanda, rus qüvvələri Pokrovsk şəhərinin qərb hissəsində aktiv əməliyyatlarını davam etdirir. Məqsəd Qrişin bölgəsinə çıxış əldə etməkdir, lakin onların hücumları uğursuz olur. Mirnoqradda vəziyyət hələ də mürəkkəbdir. Şəhərin müdafiəsinə desant və dəniz piyadaları birləşmələri cəlb olunub.

"Müdafiə qüvvələri şimal-şərq və cənub istiqamətlərindən düşmən təzyiqinə qarşı qruplaşmanı gücləndirir. Bu tapşırığın icrası Svitle və Rivnoye bölgəsində nəzarət altında olan koridor sayəsində mümkündür", – məlumatda qeyd olunub.

DeepState monitorinq layihəsinə görə, rus qoşunları Pokrovsk, Mirnoqrad və Qulyaypole yaxınlığında, eləcə də Zeleno, Rodinskoye, Çervonıy Liman və Novoekonomichnoye ərazilərində irəliləyiş əldə edib. Pokrovska-Mirnoqrad bölgəsində ruslar mexanizasiya olunmuş hücumlar həyata keçirir.