BAKI, 27 dekabr. TELEQRAF

"Fürsət pəncərəsi gələn il yaranacaq. O zaman Ukraynanın mövqeyi bu günkündən daha güclü olacaq. Bu gün biz 2022-ci ildən bəri ən aşağı mövqeyimizdəyik, Rusiya isə 2022-ci ildən bəri ən yüksək mövqeyindədir. Danışıqlar belə şərtlər altında aparılmır. Biz danışıqlar aparırıq, çünki təzyiq altındayıq".

Teleqraf xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri (2015-2019) Valeri Çalı "Orestokratiya" kanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hazırkı sülh danışıqları səhv başlanğıcdır: "Biz demək olar ki, quruda müharibənin eskalasiyasının zirvəsindəyik. Əsas problem cəbhədə insanlarımızın ölümü və enerji infrastrukturumuzun məhv edilməsidir. Sülh müqaviləsində Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı iddialar qəribədir, lakin eyni zamanda ABŞ Ukraynaya bəzi işğal olunmamış əraziləri Rusiyaya təhvil verməsi üçün təzyiq göstərir. Bu, sadəcə Ukraynanın zəif danışıqlar mövqeyidir və onlar bizə təzyiq göstərirlər. Eynilə nüvəsizləşdirmə zamanı Rusiya ilə birgə hərəkət etdikləri kimi...".

Diplomat əlavə edib ki, Avropanın Ukraynaya qarşı bu cür tələbləri dəstəkləməməsi vacibdir: "Avropa 2026 və 2027-ci il üçün Ukraynaya vəsait ayıracaq, çünki avropalılar bunun müharibədən müdafiə olunmaq üçün bir yol olduğunu başa düşürlər: "Ərazi məsələsinin danışıqlar mövzusuna çevrilməsinin çox səhv və çox təhlükəlidir".