BAKI, 27 dekabr. TELEQRAF
İsveçrə genişmiqyaslı hərbi hücumdan özünü müdafiə edə bilməyəcək. Rusiyadan artan təhlükə qarşısında müdafiə xərclərini artırmalıyıq.
Teleqraf xəbər verir ki, bunu İsveçrə Ordusunun Baş Komandanı Tomas Süssli "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində bildirib.
Züssli həmçinin İsveçrə ordusunun silahlanmasında ciddi problemlərə də toxunub. Onun sözlərinə görə, silahlı qüvvələrdə avadanlıq və təchizat çatışmazlığı hələ də mövcuddur.
"Fövqəladə vəziyyətdə bütün əsgərlərin yalnız üçdə birinin tam təchiz olunacağını düşünmək qorxuludur. Dürüst olmalıyıq. Əgər ictimaiyyət və siyasətçilər ordunun özünü qorumaq qabiliyyətinə inanmırlarsa, düz edirlər”, - Baş Komandan qeyd edib.
O həmçinin İsveçrənin müharibəyə laqeyd yanaşmasını üç amillə izah edib: "Birincisi, İsveçrə torpağında sonuncu müharibə təxminən 180 il əvvəl baş verib. Bu, 1847-ci il Zonderbund müharibəsi idi. Buna görə də, məsələn, Estoniya və ya Polşadan fərqli olaraq, müharibələr haqqında kollektiv yaddaşımız yoxdur. İkincisi, Ukraynadakı müharibə çoxlarına uzaq görünür, amma əslində bizimlə Ukrayna arasında yalnız iki ölkə var: Macarıstan və Avstriya. Üçüncüsü, neytrallığın avtomatik olaraq qorunma təmin etdiyi barədə bir fikir var, lakin bu, yanlışdır. Silahsız olan və müharibəyə cəlb edilən bir neçə neytral ölkə var. Neytrallığın dəyəri yalnız silahla müdafiə oluna biləcəyi təqdirdə olur".
Qeyd edək ki, İsveçrə Ukraynadakı müharibədə neytral qalmağa çalışır və hər cür müdaxilədən çəkinir. Bu yay İsveçrə Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə qoşulub.