BAKI, 23 dekabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı əvvəlki razılaşmaların icrasını və iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər ikitərəfli siyasi əlaqələrin intensivliyini, Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının yaradılmasını, ortaq investisiya fondunun təşkili üzrə işləri və regionlar arasında yeni əməkdaşlıq mexanizmlərini müzakirə ediblər. “C5+1” formatı çərçivəsində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.

Telefon danışığı zamanı həmçinin birgə layihələrin sivil aviasiya, avtomobil istehsalı, mədənçilik, kənd təsərrüfatı, infrastruktur, enerji, kimya və informasiya-kommunikasiya texnologiyaları sahələrini əhatə etdiyi bildirilib.

Liderlər yüksək səviyyədə aktiv əlaqələrin davam etdirilməsi və ortaq təşəbbüslərin irəlilədilməsi üzrə razılığa gəliblər. Həmçinin Ş. Mirziyoyev Trampı Özbəkistana səfərə dəvət edib.