BAKI, 5 dekabr. TELEQRAF

Fransa prezidenti Emmanuel Makronun Ukrayna lideri Volodimir Zelenskiyə ABŞ-nin sülh danışıqları prosesində Kiyevi ərazi məsələsində yarı yolda qoya biləcəyi barədə xəbərdarlıq etdiyi iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı Avropa liderləri arasında keçirilmiş gizli telefon danışığının sızdırılmış xülasəsinə istinadən yazıb.

Jurnal bazar ertəsi keçirilmiş videokonfransın ingilis dilində xülasəsini əldə etdiyini və oradakı qeydlərin Avropa hökumət başçılarının birbaşa sitatlarından ibarət olduğunu bildirib. Liderlərin böyük hissəsi Vaşinqtonun danışıqlara yanaşması ilə bağlı ciddi şübhələr səsləndirib.

Sızdırılmış qeydə görə, Emmanuel Makron danışıqların hazırkı gərgin mərhələsini Ukrayna üçün böyük təhlükə adlandırıb. Almaniya kansleri Fridrix Mers isə Zelenskiyə “çox diqqətli olun” xəbərdarlığı edib.

Mersin “Onlar həm sizi, həm də bizi oyun içində saxlayırlar” sözlərinin, bu həftə Donald Trampın emissarı Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya səfərinə işarə olduğu qeyd edilir.

Telefon danışığında iştirak edən digər liderlərin də narahatlıq ifadə etdiyi bildirilir. Finlandiya prezidenti Aleksander Stubb deyib: “Biz Ukraynanı və Volodimir Zelenskini bu adamlarla tək qoymamalıyıq.”

Hətta Trampa qarşı açıq tənqiddən çəkinən NATO baş katibi Mark Rutte belə, Stubb ilə razılaşaraq “Zelenskini qorumağa ehtiyac var” deyib.

“Der Spiegel” yazır ki, danışıqda iştirak edən bir neçə mənbə hadisəni təsdiqləyib və onlardan ikisi sitatların “dəqiq əks etdirildiyini” bildirib. Zelenskinin sözçüsü, Mersin ofisi və Rutte-nin komandası şərh verməyib. Yelisey sarayı isə Makrona aid edilən sitatları təkzib edib.