BAKI, 2 aprel. TELEQRAF
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerqulu Ataquliyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Tədbirdən öncə nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə birgə foto çəkdirilib.
Görüşün gündəliyinə regional və qlobal çağırışlar fonunda üzv dövlətlər arasında dialoqun təşviqi və səmərəli çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, TDT çərçivəsində iqtisadi və ticari əlaqələrin genişləndirilməsi və prioritet sahələrdə investisiya təşəbbüslərinin artırılması, nəqliyyat infrastrukturunun və əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhliz üzrə rəqəmsal inteqrasiyanın gücləndirilməsi və Zəngəzur dəhlizinin həyata keçirilməsi vasitəsilə regionlararası tranzit əlaqələrinin şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində çoxtərəfli əməkdaşlığın təşviqi yolu ilə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məsələləri daxil idi.
Görüşü giriş sözü ilə açan Baş nazir Əli Əsədov qonaqları salamlayaraq, TDT-nin hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində və artan təhlükəsizlik riskləri fonunda geniş coğrafiyada sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində mühüm platformaya çevrildiyini vurğulayıb. O, dövlət başçılarının qətiyyətli iradəsi nəticəsində təşkilat daxilində əməkdaşlığın ildən-ilə dərinləşdiyini diqqətə çatdırdı. Baş nazir, Prezident İlham Əliyevin söylədiyi kimi, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Baş nazir çıxışında qeyd edib ki, ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsinin 5 faizdən çox artaraq 7.3 milyard ABŞ dollarına çatıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dolları təşkil edir. Birgə investisiya fondlarının iqtisadi əlaqələrin möhkəmlənməsindəki rolu xüsusi qeyd olunub.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənayə kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçi və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialın tam şəkildə reallaşmasına imkan yaradacaq.
Baş nazir Əli Əsədov Orta Dəhlizin Avrasiyanın ən perspektivli və təhlükəsiz bağlantı xətti olduğu vurğuladı, 2025-ci ildə bu marşrut üzrə tranzit daşımaların 11%-ə yaxın artaraq 5 milyon tona çatdığını qeyd etdi. Eyni zamanda, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin strateji əhəmiyyəti diqqətə çatdırılıb.
Orta dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması, Zəngəzur dəhlizinin reallaşmasının vacibliyi vurğulanıb.
Baş nazir Azərbaycanın hazırda 16 ölkəyə boru kəmərləri ilə qaz ixrac edərək dünyada ilk sırada qərarlaşdığı bildirdi. Ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji layihələrinə diqqət çəkərək, bu xüsusda Özbəkistan və Qazaxıstanla uğurlu tərəfdaşlıq, eləcə də Qırğızıstanın Avropaya "yaşıl enerji" ixracı təşəbbüsünə qoşulmaq niyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Çıxışının sonunda Baş nazir Azərbaycanın sədrliyi dövründə təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.
Keçirilən səmərəli müzakirələrin yekunu olaraq, tərəflər arasında gələcək fəaliyyət istiqamətlərini və müştərək hədəfləri özündə əks etdirən Türk Dövlətləri Təşkilatının Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci görüşünün birgə bəyanatı imzalanıb.