BAKI, 3 dekabr. TELEQRAF

Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəaliyyət göstərən İslamabad-Tehran-İstanbul (İTİ) yük qatarı marşrutunun yenidən işə düşəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın dəmir yolları naziri Hanif Abbasi bildirib.

Onun sözlərinə görə, İTİ xətti üzrə ilk konteyner qatarı dekabrın 31-də İslamabaddan yola salınacaq:

"Pakistan İranla regional nəqliyyat əlaqələrinin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə işlər sürətləndirilib. Bu məqsədlə dəmir yolu daşımalarının ilin sonunadək tam aktivləşdirilməsi planlaşdırılır və ölkənin iş adamları yeni imkanlardan yararlanmağa dəvət olunur. İTİ konteyner qatarının bərpası Pakistanın regional ticarət strategiyası üçün xüsusi önəm daşıyır. Marşrutun işə salınması ölkənin regiondaxili ticarət dövriyyəsini artıracaq və İranla qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirəcək".