BAKI, 1 aprel. TELEQRAF
Bu ilin yanvar–mart aylarında Rusiyanın "Türk axını" qaz kəməri vasitəsilə Avropa ölkələrinə qaz nəqli 10% artaraq 4,96 milyard kubmetr təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz Nəqliyyatı Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarında əks olunub.
Məlumata görə, martda bu istiqamət üzrə Rusiya qazının Avropaya ixracı fevral ilə müqayisədə 12%, 2025-ci ilin martı ilə müqayisədə isə 21% artaraq 1,7 milyard kubmetrə çatıb.
Ötən ay Avropa istiqamətində "Türk axını"nın orta yüklənməsi sutkada 55 milyon kubmetr olub ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 21%, fevral ilə müqayisədə isə 1% çoxdur. Beləliklə, qaz kəmərinin ötürmə gücündən istifadə səviyyəsi ötən ay 97% təşkil edib.
Xatırladaq ki, Rusiya 2025-ci ilin yekunlarına görə Türkiyəyə boru kəmərləri ilə qaz ixracını bir qədər artıraraq 21,2 milyard kubmetrə çatdırıb.
2025-ci ildə "Türk axını" ilə Avropaya qaz tədarükü 8,3% artaraq rekord səviyyə – 18,1 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Rusiya Türkiyəyə qazı Qara dəniz vasitəsilə iki boru kəməri – "Mavi axın" və "Türk axını" ilə nəql edir.
İllik ötürmə gücü 31,5 milyard kubmetr olan "Türk axını" qaz kəməri Türkiyə və Cənub, eləcə də Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub. Ukrayna üzərindən tranzitin dayandırılmasından sonra bu kəmər Rusiya qazının Avropaya tədarükü üçün aktiv qalan son marşrut olaraq qalır. Kəmərin başlanğıc nöqtəsi Anapa bölgəsində inşa edilən "Russkaya" kompressor stansiyasıdır.