BAKI, 1 aprel. TELEQRAF
ABŞ administrasiyası neftin bir barelinin 100 dollar və ya daha yüksək olmasını “baza” göstərici hesab edir. Lakin bu rəqəmin 200 dollara qədər arta biləcəyini də istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti neftin qiymət dinamikası ilə bağlı Maliyyə Nazirliyindən və enerji bazarının iri iştirakçılarından məlumat alıb.
Hətta fövqəladə tədbirlərin tətbiqi variantı da nəzərdən keçirilib. Adı açıqlanmayan sənaye nümayəndəsi vəziyyəti “tam səfərbərlik rejimi” kimi qiymətləndirib. Nəşrin digər mənbəsi isə qeyd edib ki, ABŞ administrasiyası enerji daşıyıcılarının qiymətlərini azaltmaq üçün bütün mümkün yolları nəzərdən keçirməyə çalışır.
Ağ Evin nümayəndəsi öz növbəsində yaxın gələcək üçün neft qiymətlərinin müzakirə olunması və ya proqnozlaşdırılması barədə məlumatları təkzib edib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanmasından bəri ABŞ-də benzinin qiyməti orta hesabla hər qallon (3.785 litr) üçün 1 dollar artıb. Dizel yanacağının qiyməti isə 3,75 dollardan 5,4 dollara yüksələrək 1,5 dollar artım göstərib.
Xatırladaq ki, ABŞ-də benzinin orta qiymətinin tarixi maksimumu 2022-ci ilin iyun ayında qeydə alınıb – həmin vaxt bir qallon üçün qiymət 5 dolları keçib. Yanacaq qiymətlərinin dinamikasını izləyən “GasBuddy” portalının 31 mart tarixli məlumatına görə, ABŞ-də benzinin qiyməti 2022-ci ilin avqustundan bəri ilk dəfə olaraq 4 dollar həddini aşıb.