BAKI, 3 dekabr. TELEQRAF

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kreml görüşündə müzakirə olunan sülh planlarının detalları və ABŞ Prezidenti Donald Trampa göndərilən siyasi siqnallar barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Uşakov qeyd edib ki, tərəflər Ukrayna üzrə bir neçə sülh planı variantını, o cümlədən ərazi məsələlərini müzakirə edib və təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüş təxminən beş saat davam edib. Uşakov bildirib ki, bu müddət ərzində uzunmüddətli sülh nizamlanmasına dair perspektivlər ətraflı müzakirə olunub.

Onun sözlərinə görə, ABŞ tərəfindən daha əvvəl Moskvaya təqdim edilmiş sənədlərin mahiyyəti Rusiya tərəfi ilə birgə dəyərləndirilib, lakin konkret formulalar müzakirə olunmayıb.

Uşakov həmçinin məlumat verib ki, ilkin 27 maddəlik Tramp planından sonra Rusiya tərəfi daha dörd yeni sənəd alıb və bu sənədlər də Kreml görüşündə müzakirə olunub. O, həmin sənədlərin məzmununun açıqlanmadığını, lakin hamısının Ukrayna üzrə uzunmüddətli sülh nizamlanmasına aid olduğunu deyib.

Uşakovun sözlərinə görə, hazırda Ukrayna üzrə kompromis sülh planı mövcud deyil. ABŞ tərəfinin bəzi təklifləri Rusiya üçün məqbul, bəziləri isə qəbuledilməzdir.

Görüşdə ərazi məsələsi ayrıca müzakirə olunub. Bundan əlavə, Putin Avropa ölkələrinin nizamlanma kontekstindəki “destruktiv addımları”na da qiymət verib.

Rusiya Prezidenti Uittkoff vasitəsilə Trampa dostcasına salam və bir sıra əhəmiyyətli siyasi siqnallar da ötürüb.

Eyni zamanda, görüşdə Rusiya ilə ABŞ arasında gələcəkdə mümkün geniş iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Uşakov vurğulayıb ki, tərəflər Kreml görüşündən sonra Ukrayna məsələsində bir-birindən uzaqlaşmayıblar. Təmasların həm Vaşinqtonda, həm də Moskvada davam etdirilməsi barədə razılaşma əldə olunub. Putin-Tramp görüşünün mümkünlüyü isə məhz bu danışıqlarda əldə ediləcək irəliləyişdən asılı olacaq.

Amerikalı nümayəndə heyəti görüşdən sonra birbaşa ABŞ-a qayıtmağı planlaşdırır. Uşakov bildirib ki, tərəflər geri döndükdən sonra telefon əlaqəsi vasitəsilə danışıqlar davam etdiriləcək.