BAKI, 30 noyabr. TELEQRAF
"Yaxın zamanda Van şəhərində İranın baş konsulluğu açılacaq".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.
XİN başçısı qeyd edib ki, Türkiyə ilə İran qanunsuz miqrasiyanın qarşısının alınması və Əfqanıstanla bağlı ortaq mexanizmlərin yaradılmasını müzakirə edir:
"Əfqanıstandan artan miqrasiya dalğası region dövlətləri üçün ciddi təhlükəsizlik və humanitar çağırış yaradır. Əfqanıstandan qeyri-qanuni miqrasiyanın idarə olunması Türkiyə və İran əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bu problemə qarşı birgə həll yolları hazırlayırıq.”
Fidan bildirib ki, iki ölkə həmçinin bu məsələ ilə bağlı Taliban administrasiyası ilə əlaqələrin koordinasiyasını da nəzərdən keçirir.
Ukrayna–Rusiya müharibəsi ilə bağlı da danışan Hakan Fidan bildirib ki, sülhün bərqərar olması həm Türkiyə, həm də region üçün xüsusi əhəmiyyət daşıyır:
"Bu prosesin həyata keçməsi üçün Prezidentimizin rəhbərliyi altında bütün qurumlarımız səylərini davam etdirir. Avropa, Ukrayna, Rusiya və ABŞ-nin atdığı addımları dəstəkləyirik. Ümid edirik ki, Rusiya–Ukrayna sülhü yaxın zamanda gerçəkləşər.”
Türkiyə XİN başçısı görüşün həm də qarşıdakı yüksək səviyyəli dövlətlərarası toplantıya hazırlıq xarakteri daşıdığını bildirib:
“İran-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 9-cu iclası yaxın zamanda Tehranda keçiriləcək. Bu səfər həmin görüş üçün ilkin koordinasiya məqsədi daşıyır.”