BAKI, 28 noyabr. TELEQRAF

Sankt-Peterburq məhkəməsi Crocus City Hall-da törədilən terror aktına bəraət qazandırmaqda təqsirli bilinən Tacikistan vətəndaşının barəsində həbs-qətimkan tədbiri seçib.

Teleqraf xəbər verir ki, bu barədə mətbuat xidməti məlumat yayıb.

"Sankt-Peterburq şəhərinin Oktyabrski rayon məhkəməsi Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terrorçuluğa ictimai bəraət) ilə cinayət törətməkdə təqsirləndirilən Kudrat Kurbonovun barəsində həbs qətimkan tədbiri seçib", deyə məlumatda qeyd edilib.

28 yaşlı şübhəlinin saxlanılması barədə dünən məlumat yayılıb. İş materiallarına görə, 2024-cü il martın 24-25-də həmin şəxs "Telegram"-da Crocus City Hall konsert zalında atışma həyata keçirən terrorçulara haqq qazandıran silsilə mesajlar dərc edib.