BAKI, 19 oktyabr. TELEQRAF

"Ukrayna heç vaxt müharibə axtarışında olmayıb. Biz qeyd-şərtsiz atəşkəsə razılaşdıq, sülh üçün imkanlar axtardıq və havada, quruda və dənizdəki zərbələri necə dayandıracağımızı dünyaya dəfələrlə özümüz təklif etdik. Lakin məhz Rusiya bu prosesi daim ləngidir – manipulyasiya edir, danışıqları uzadır, hava zərbələri ilə xalqımıza qarşı terror törədir, cəbhədə hücumları artırır. Müharibə yalnız ona görə davam edir ki, Moskva onu bitirmək istəmir".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

O bildirib ki, demək olar hər gün Rusiya Ukraynanın kritik və mülki infrastrukturuna yüzlərlə hücum həyata keçirir:

"Təkcə bu həftə Rusiya Ukraynaya qarşı 3270-dən çox zərbə dronu, 1370 idarə olunan aviasiya bombası və müxtəlif tipli təxminən 50 raket tətbiq edib. Biz daim müdafiəmizi gücləndiririk, hava hücumundan müdafiəni möhkəmləndirmək üçün tərəfdaşlarımızla işləyirik.

Ukrayna lideri qeyd edib ki, Putini danışıqlar yolu ilə dayandırmaq mümkün deyil:

"Dünya görür ki, Rusiya gücə reaksiya verir, deməli, güc yolu ilə sülh işləyə bilər. Ukrayna onlara cinayətləri müqabilində heç bir mükafat verməyəcək və biz tərəfdaşlarımızın məhz bu mövqeyimizi dəstəkləməsinə ümid edirik. ABŞ, Avropa, G20, G7 ölkələrindən qətiyyətli addımlar tələb olunur. Həyatı qorumaq lazımdır. Buna kömək edən hər kəsə təşəkkür edirik".