BAKI, 19 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdə Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə nail olmağa çalışsa da, nəticə əldə olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra yenidən Moskvaya qarşı yumşaq mövqeyə qayıdıb. Görüş fevraldakı gərgin danışıqlardan fərqli olaraq sakit keçsə də, nəticəsiz olub. “Putindən gələn bir tərif dolu zəng Amerikaya Ukraynanın ehtiyaclarından uzaqlaşmaq üçün kifayət edib”, – deyə məqalədə vurğulanır.

Finlandiya Prezidenti Aleksandr Stubb isə bildirib ki, “Putin yalnız güc dilini anlayır” və Ukraynaya sülh üçün kifayət qədər silah verilməlidir.

“The Washington Post”un məlumatına görə, Putin Trampla telefon danışığında Ukraynanın Donetsk vilayətinə nəzarətdən imtina etməsini tələb edib. Trampın nümayəndəsi Stiv Uitkoff isə bu mövqeyi Kiyev qarşısında müdafiə edib.