BAKI, 10 oktyabr. TELEQRAF
Rusiya və Mərkəzi Asiya ölkələrinin prezidentləri ikinci sammitin yekununda 2025–2027-ci illəri əhatə edən birgə fəaliyyət planını və sammitin kommunikesini qəbul ediblər.
Teleqraf xəbər verir ki, sammitdə çıxış edən Tacikistan Prezidenti Əmoməli Rəhmon görüşün nəticələrinin "Mərkəzi Asiya – Rusiya" formatında çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə və genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Prioritet sahələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, investisiyaların artırılması, humanitar əlaqələrin genişləndirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi yer alıb.
Rəhmon həmçinin qeyd edib ki, dövlət başçıları və müvafiq qurumların aktiv iştirakı tərəflərin dialoqu inkişaf etdirmək və strateji əməkdaşlığı möhkəmləndirmək niyyətini göstərir. Sammit zamanı ticarət-iqtisadi, investisiya və humanitar əlaqələrin gücləndirilməsi, eləcə də regional sabitliyin təmin olunması üzrə birgə səylərə xüsusi diqqət yetirilib.