BAKI, 9 oktyabr. TELEQRAF
İsrail-HƏMAS danışıqlarının razılaşma ilə nəticələnməsi məmnuniyyət doğurur.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" plaformasında yazıb.
"Razılaşmanın birinci mərhələsinə çatılmasında rol oynayan, başda ölkəmiz olmaqla bütün vasitəçi aktorların səyləri təqdirəlayiqdir. Bu mərhələdən sonra tərəflərin razılaşma şərtlərinə əməl etməsi, Qəzzaya təcili humanitar yardımların çatdırılması və artıq iki ildir davam edən bu utancverici mənzərənin sona çatdırılması zəruridir.
Biz Türkiyə olaraq cənab Prezidentimizin liderliyi ilə yeni mərhələdə də üzərimizə düşən məsuliyyəti yerinə yetirəcəyik. Başda Qəzzaya humanitar yardımların çatdırılması və atəşkəs şərtlərinə riayət olunması məsələləri olmaqla, bütün sahələrdə fələstinlilərə dəstək verəcək və Qəzzada yaranan yaraların sarılması üçün çalışacağıq.
Regionda davamlı sülhün və sabitliyin təmin olunmasının əsas şərtinin isə 1967-ci il sərhədlərinə əsaslanan iki dövlətli həll modeli olduğu heç vaxt unudulmamalıdır" - paylaşımda qeyd edilib.