BAKI, 8 oktyabr. TELEQRAF
Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi də daxil olmaqla bir çox sahədə əməkdaşlıq mövcuddur və bu əlaqələrin inkişafı üçün danışıqlar davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
Ərdoğanın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla keçirilən görüşdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində müsbət mesajlar alınıb:
"Görüşdə F-35 layihəsi də açıq şəkildə müzakirə olunub. Türkiyə bu layihənin rəsmi tərəfdaşıdır, öhdəliklərini yerinə yetirib və ödənişlərini edib. Lakin bizi proqramdan çıxarmaq üçün göstərilən səbəblərin heç bir hüquqi əsası yoxdur. Hazırda bu məsələ ilə bağlı texniki səviyyədə danışıqlar aparılır. Ümid edirik ki, həm F-35 məsələsi həllini tapacaq, həm də məlum sanksiyaları aradan qaldırılacaq".