BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Venesuela narkokartellərinin dənizdən sonra quru yolla narkotik qaçaqmalçılığına başlaya biləcəyini deyib və Vaşinqtonun bu fəaliyyəti güc tətbiqi ilə dayandıra biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu fikri Virciniya ştatının Norfolk şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinin 250 illiyinə həsr olunan çıxışı zamanı səsləndirib.
“Onlar artıq dənizlə gəlmirlər. İndi quru yolu ilə hərəkət edəcəklər və bu, onlar üçün yaxşı bitməyəcək”, – deyə ABŞ lideri bildirib.
O, həmçinin ABŞ hərbçilərinin narkotik daşıdığı iddia edilən daha bir qayığı məhv etdiyini açıqlayıb. Prezidentin sözlərinə görə, “hər belə qayığın fəaliyyəti 25 min amerikalının ölümünə və ailələrinin dağılmasına səbəb olur”.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə səy göstərməməkdə ittiham edir.