BAKI, 01 oktyabr. TELEQRAF

Misir, Qətər və Türkiyə Fələstinin radikal HƏMAS hərəkatını Qəzza zolağında ABŞ-nin nizamlama planını qəbul etməyə inandırmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Danışıqların gedişi ilə tanış olan adı açıqlanmayan iki mənbəyə istinad edən portal yazır ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza münaqişəsinin həlli ilə bağlı sülh təkliflərinin detallarını Dohada HƏMAS liderlərinin diqqətinə Qətərin Baş naziri - xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani və Misirin Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad çatdırılıb. Onların hər ikisi HƏMAS-ı ABŞ-nin planı ilə razılaşmağa çağırıb. Məqalədə HƏMAS rəhbərliyinin ABŞ-nin təkliflərini “vicdanla araşdıracaqlarına” söz verdikləri qeyd olunur.

Portalın məlumatına görə, ABŞ və İsrail HƏMAS-ın bəzi qeyd-şərtlərlə olsa belə, planı ümumən dəstəkləyəcəyini gözləyirlər. Məqalədə iddia edilir ki, Qətərin Baş naziri HƏMAS liderlərinə onlar üçün daha əlverişli şərtlər əldə edə bilməyəcəyini söyləyib. Əl Tani Trampla keçirdiyi görüşlərə əsaslanaraq vurğulayıb ki, amerikalı liderin Qəzza zolağında döyüş əməliyyatlarına son qoymaq niyyətində olduğunu düşünür.