BAKI, 5 avqust. TELEQRAF
Ukraynanın Xarkov vilayətinin Lozova şəhəri Rusiyanın müharibə başlayandan bəri həyata keçirdiyi ən kütləvi raket hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Lozova şəhər icmasının rəhbəri Sergey Zelenski "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhərin kritik infrastrukturu, çoxmənzilli yaşayış binaları və fərdi evlər ciddi zərər görüb.
"İlkin məlumata əsasən, bir neçə nəfər yaralanıb. Yaralılar arasında iki azyaşlı da var",- Sergey Zelenski qeyd edib.
Hazırda ərazidə xilasetmə və bərpa işləri aparılır. Rəsmilər zərərin miqyasını müəyyənləşdirməyə çalışırlar.