BAKI, 22 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kiyevə yeni silahlar verəcəyi ilə bağlı vədlərinə baxmayaraq, Ukrayna münaqişəsindən çıxış yolları axtarır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “The Wall Street Journal” üçün yazdığı məqalədə qeyd edib.
Bolton yazır ki, ABŞ lideri Ukraynanın təcili xahişlərini yerinə yetirsə də, uzunmüddətli öhdəliklərdən yayınmağa çalışır.
ABŞ Prezidentinin keçmiş müşaviri həmçinin bildirib ki, Trampdan Kiyevə dəstək gözləyən bir çox amerikalı vətəndaş bu vədlərə ümid edir. Lakin Boltonun fikrincə, ABŞ Prezidenti 50 günlük müddət bitdikdən sonra Rusiyaya qarşı heç bir tədbir görmədən “əllərini yuyub” kənara çəkilə bilər.
Keçmiş müşavir digər məsələlərlə yanaşı, Trampın ikinci prezidentlik müddətinin ABŞ-nin “müdafiə büdcəsində tam iflasa” səbəb ola biləcəyi ilə bağlı narahatlığını ifadə edib.