BAKI, 17 iyul. TELEQRAF

İsrailin Qəzzada yerləşən yeganə katolik məbədinə hücumu nəticəsində 3 nəfər ölüb, daha 9 nəfər xəsarət alıb ki, onlardan üçünün vəziyyəti ağırdır.

Teleqraf xəbər verir ki, bu barədə Roma Katolik Kilsəsinin metropolitliyi olan Yerusəlim Latın Patriarxlığı öz saytında məlumat yayıb.

"Bu gün səhər saatlarında Qəzzada Latın Patriarxlığına məxsus Müqəddəs Ailə kilsəsinin ərazisi İsrail ordusu tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində 3 nəfər aldığı xəsarətlərdən həyatını itirib, daha 9 nəfər yaralanıb. Onlardan biri kritik, ikisi ağır vəziyyətdədir” - məlumatda deyilir.

Hadisədən sonra ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə əlaqə saxlayıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, telefon danışığı zamanı Netanyahu kilsəyə səhvən zərbə endirildiyini izah edən bəyanatla çıxış etməyə razılıq verib.

Ağ Ev rəsmisi Trampın hadisəyə reaksiyasının heç də yaxşı olmadığını sözlərinə əlavə edib.