ANKARA, 15 iyul. TELEQRAF

"FETÖ-çülərin ölkəni xaosa sürükləmək istədiyi, tariximizin ən kritik dönəmində yaşanan o gecənin xəyanətinə bənzər bir başqa hadisə yoxdur".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində "Zəfərin adı Türkiyə" adlı tədbirdə deyib.

"O gecə bəlkə də tariximizin ən qaranlıq, amma eyni zamanda ən şanlı səhifəsi oldu. Bir tərəfdə millətimizin cəsur övladları - tankların qarşısında duraraq, vətəni müdafiə etdilər. Addım-addım inşa etdiyimiz terrorsuz bir Türkiyə var. Ölkəmiz yarım əsrlik terrorla mübarizədən sonra, iqtisadiyyatda, müdafiə sənayesində, daxili və xarici siyasətdə yeni bir mərhələyə qədəm qoyub", - deyə Ərdoğan söyləyib.

O əlavə edib ki, terrorsuz bir Türkiyə bölgədə sabitliyin təməlidir: "Bu yolda irəlilədiyimizə dair heç bir şübhəmiz yoxdur. Çünki millətimizə güvənirik. Terorsuz Türkiyə 100 ilini daha da sürətləndirəcək. Ölkəmiz layiq olduğu yeri alacaq. Çünki biz millətimizə güvənirik".