BAKI, 19 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri (XİN) Abbas Əraqçi arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tərəflər davam edən İran - İsrail münaqişəsi barədə fikir mübadiləsi aparıblar.

İran XİN rəhbəri bildirib ki, İsrail hücumlarını dayandırmasa, ölkəsi danışıqlar masasına qayıtmayacaq.

Qeyd edək ki, bu, İran-İsrail münaqişəsinin başlamasından bəri ABŞ və İran arasında baş tutan ilk rəsmi danışıqlardır.

Danışıqlarda ABŞ-nin mayın sonunda İrana verdiyi və İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədi daşıyan təklifin qısa müzakirəsi olub.

ABŞ və İran rəsmiləri Reuters-in məsələ ilə bağlı şərh sorğusuna dərhal cavab verməyiblər.

Mənbənin yazdığına görə, Əraqçi Uitkoff bildirib ki, Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran nüvə məsələsində çeviklik göstərə bilər.

"Reuters"ə adının açıqlanmasını istəməyən diplomat bildirib ki, zəng ABŞ tərəfindən edilib.