BAKI, 31 may. TELEQRAF

ABŞ Çinlə münaqişəyə can atmır, lakin çəkindirmə cəhdləri uğursuz olarsa, "döyüşməyə və qalib gəlməyə" hazırdır.

Teleqraf xəbər verir ki, bu bəyanatla Pentaqon rəhbəri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxış edib.

O bildirib ki, ABŞ özünü Hind-Sakit okean regionundan sıxışdırıb çıxarmağa, eləcə də regiondakı müttəfiqlərini və tərəfdaşlarını tabe etdirməyə və qorxutmağa imkan verməyəcək. Çinin Asiyada hegemon olmaq istədiyini nəzərə çatdıran Pentaqon rəhbəri Pekini hərbi gücünü artırmaqda və məqsədlərinə çatmaq üçün silahlı qüvvələrdən istifadə hazırlığını artırmaqda ittiham edib.

"Çindən gələn təhlükə realdır və o, qaçılmaz ola bilər", - Heqset hesab edir.

ABŞ müdafiə idarəsinin başçısının sözlərinə görə, Çin regionda status-kvonu köklü şəkildə dəyişdirmək istəyini nümayiş etdirir ki, bunu ABŞ nəzərə almaya bilməz.

"Çinin son nəticədə nəyə can atdığını heç kim bilmir. Lakin onlar hazırlaşırlar, deməli, biz də hazır olmalıyıq. Biz Çini sıxışdırmağa və ya məhdudlaşdırmağa, onu əhatə etməyə və ya təxribata çəkməyə çalışmırıq. Biz rejim dəyişikliyinə can atmırıq. ABŞ sülh istəyir və qarşıya münaqişənin qarşısını almaq məqsədi qoyur. Lakin əgər çəkindirmə cəhdləri uğursuz olarsa və ali baş komandandan əmr gələrsə, biz ən yaxşı bacardığımız işi görməyə - döyüşməyə və qətiyyətlə qalib gəlməyə hazırıq", - Heqset əlavə edib.