BAKI, 29 may. TELEQRAF
İsrailin Birləşmiş Millətlər Təşkilatındakı beynəlxalq sözçüsü Conatan Harunoff məzunu olduğu Harvard universitetini tənqid edib.
Teleqraf xəbər verir ki, "Fox News"-a açıqlamasında o, universitetin antisemitizm əvəzinə Tramp administrasiyasına qarşı mübarizə aparmasına diqqət çəkib.
O bildirib ki, təhsil ocağı bütün resurslarını və gücünü Ağ Evə qarşı mübarizəyə sərf edir, antisemitizmə və universiteti indiki vəziyyətə gətirən problemlər isə diqqətdən kənarda qalır.
Harunoff deyib ki, Harvard zorakılığı dəstəkləyən və “terroristlərə rəğbət bəsləyən” tələbələr və ya işçilər üçün sığınacaq yeri olmamalıdır.
O, universitet rəhbərliyinə müraciətlə deyib: “Sizdə birmənalı şəkildə terror təşkilatlarının bayraqlarını dalğalandıran, istər HƏMAS-ı, istərsə də Hizbullahı və Qərbi Amerikadakı bu açıq-aşkar antisemitizmi dəstəkləyən, anti-Qərb və anti-Amerika şüarlarını çox qürurla səsləndirən insanlar var və bu, qəbuledilməzdir. Onlar təkcə günahsız etirazlar deyil - zorakılığa açıq çağırışlardır".