BAKI, 24 may. TELEQRAF
Gürcüstan Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin əməkdaşı Saymon Vandenbroekə ölkəyə giriş icazəsi verilmədiyi üçün qurumdan rəsmi üzr istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Gürcüstan Xarici İşlər Nazirliyi jurnalistlərə bildirib ki, insident “texniki anlaşılmazlıq” nəticəsində baş verib.
"Biz bu məsələ ilə bağlı Avropa İttifaqının nümayəndələri ilə müzakirələr apardıq, onlara hər şey izah edildi və məsələ həll olundu", - Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Mayın 21-də Tbilisi Beynəlxalq Hava Limanında Vandenbrokun Gürcüstana buraxılmasına icazə verilməyib. O, növbəti reyslə gəldiyi ölkəyə qaytarılıb.
Saymon Vandenbroek Avropa Xarici Fəaliyyət Xidmətinin bir hissəsi olan Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsində işləyir. “Novosti-Qruziya” xəbər verir ki, o, yardım proqramlarının əlaqələndirilməsi, Assosiasiya sazişinin icrası, Aİ ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişafına cavabdehdir.