BAKI, 23 may. TELEQRAF
Harvard Universiteti ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici tələbələrin qəbulunu müvəqqəti dayandırmaq qərarına etiraz olaraq federal məhkəməyə müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Müraciət Boston Federal Məhkəməsinə təqdim olunub. Universitet bildirir ki, bu qərar ABŞ Konstitusiyasının birinci əlavəsinə ziddir və Harvardda təhsil alan 7 mindən çox xarici tələbəyə ciddi zərər verir.
İddia sənədində vurğulanır: "Hökumətin bu qərarı Harvardın tələbələrinin dörddə birini - xarici tələbələri əhatə edir və onlar universitet üçün böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, mayın 23-də Tramp administrasiyası Harvardın xarici tələbələri qəbul etməsinə icazəni dayandırıb. Hakimiyyət bunu universitetin İsrailin Qəzza sektorundakı hərbi əməliyyatlarına qarşı olan fəallardan yəhudi tələbələrin təhlükəsizliyini tam təmin edə bilməməsi ilə əsaslandırır.