BAKI, 4 aprel. TELEQRAF

ABŞ tərəfindən Yəməndə "ƏnsarAllah" (husilər) hərəkatına qarşı aparılan əməliyyat qoyulan məqsədə çatmır və bu əməliyyatın aparılması üçün aylıq təxminən 1 milyard dollar xərclənəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, Pentaqon hesab edir ki, Husilərin yeraltı anbarlarını hədəf alan zərbələr qeyri-effektivdir. Çünki Husilər yeraltı qurğularını və digər hədəf olan obyektləri möhkəmləndiriblər.

“Son üç həftə ərzində ABŞ Husilərə qarşı zərbələr üçün 200 milyon dollar sərf edib, bu məbləğ hava və dənizdə əlavə qüvvələrin yerləşdirilməsində istifadə olunub. Bütün xərclər nəzərə alındıqda, Yəməndəki əməliyyat ABŞ-yə aylıq 1 milyard dollara başa gələcək və Pentaqon yaxın zamanda Konqresdən əlavə maliyyə vəsaiti tələb etməli olacaq”,- məlumatda deyilir.