
BAKI, 20 mart. TELEQRAF
"ATƏT-in Minsk qrupu bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz".
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Bunun bütün strukturları - Minsk Konfransı, barəsində danışdığımız Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir”, - o söyləyib.
M.Zaxarova vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.
Rusiya XİN-in rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə Minsk qrupunun amerikalı və fransız həmsədrləri sadəcə olaraq qrupdakı fəaliyyətlərini dayandırıblar:
“Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. 2023-cü ilin sentyabrında bölgədə vəziyyət kəskin şəkildə dəyişib. Minsk qrupu həmsədrlərinin mandatı aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk qrupundan danışmaq olar?”.