BAKI, 20 mart. TELEQRAF

Kreml Türkiyədəki etirazları Ankaranın daxili işi hesab edir.

Teleqraf xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov səsləndirib.

Onun sözlərinə görə, bu həftə Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqların olması planlaşdırılmır.

Türkiyədəki etirazlara toxunan Peskov qeyd edib ki, dövlət başçıları telefon danışığı zamanı bunu müzakirə etməyəcəklər.

"Xeyr, bu, telefon danışığına səbəb ola bilməz və olmayacaq. Bu, Türkiyənin suveren məsələsidir. Həmişə demişik ki, bizə necə yaşamaq lazım olduğunu söyləyəndə, həqiqətən, xoşumuza gəlmir. Biz heç vaxt başqalarının daxili işlərinə qarışmırıq", - mətbuat katibi vurğulayıb.

Xatırladaq ki, ötən gün Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbul bələdiyyəsində keçirilən əməliyyat nəticəsində İstanbulun meri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb.