
BAKI, 19 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə sonuncu telefon danışığı ilə yanaşı, son həftələrdə bir neçə dəfə əlaqə saxladığını da açıqlayıb.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Washington Examiner" qəzetinə müsahibəsində bildirib.
“Bu, çox yaxşı bir zəng idi. Məncə, bu yaxşı bir işin başlanğıcıdır. Bilirsiniz, mən Putinlə bir neçə dəfə danışmışam, bu zəngdən əvvəl başqaları da olub”, - Tramp jurnalistin sualına cavab olaraq deyib.
Prezident bu danışığın gizli saxlanıldığını təsdiqləyib: “Xeyr, danışıq ictimaiyyətə açıqlanmadı, amma bu, müsbət dinamikanın davamıdır. Əgər müsbət olmasaydı, sizə deyərdim”.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri ötən gün telefonla danışaraq, Ukraynada 30 günlük atəşkəs, gərginliyin qarşısının alınması və bir neçə beynəlxalq məsələni müzakirə ediblər.