BAKI, 16 fevral. TELEQRAF

"Mən belə başa düşürəm ki, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına dəvət olunub".

Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol "Reuters" agentliyinə deyib.

Makkol qeyd edib ki, danışıqların məqsədi Ukraynadakı münaqişəyə son qoymağın yollarını tapmaqdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Səudiyyə Ərəbistanında mümkün danışıqlardan xəbərsiz olduğunu deyib.

O, bu barədə Münxen Təhlükəsizlik Konfransında danışıb.

"Bilmirəm. Bu barədə danışmamışıq. Media nəsə çap edir. Gördüm ki, kimsə Səudiyyə Ərəbistanında görüş olacağını deyir. Bunun nə olduğunu bilmirəm", - Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna köhnəlmiş formatda, kiminsə onun iştirakı olmadan qərar qəbul etdiyi danışıqlarda iştirak etməməlidir.

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin yaxın günlərdə Səudiyyə Ərəbistanında danışıqlara başlayacağı gözlənilir.