BAKI, 10 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın fələstinlilərin Qəzza zolağından başqa ölkələrə köçürülməsi təklifinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, Türkiyə lideri heç kimin buna gücünün çatmayacağını söyləyib.

“Fələstinlilərin sürgün edilməsi təklifinin ciddi qəbul oluna biləcək bir tərəfi yoxdur. Heç kimin Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa gücü çatmaz, heç vaxt da çatmayacaq”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, “Nəkbə” ərəb dilində “fəlakət” deməkdir. Bu söz İsrailin müstəqilliyini elan etməsi və ondan sonra baş verən və fələstinlilər üçün fəlakət kimi qiymətləndirilən hadisələri təsvir etmək üçün istifadə olunur. Bu səbəbdən İsrailin müstəqilliyini elan etdiyi 1948-ci il mayın 14-dən sonrakı gün (15 may 1948-ci il) Nəkbə günü kimi simvollaşdırılıb.