BAKI, 10 fevral. TELEQRAF

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın gözlənilən çağırışı fevralda olmaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Hürriyət” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, PKK liderinin çağırışı fevralın 15-də edəcəyi ehtimalı var:

“Niyə 15 fevral? Bildiyiniz kimi, Öcalan 1999-cu il fevralın 15-də Keniyada tutularaq Türkiyəyə gətirilib. Amma 15 fevral tarixi də konkret deyil. Əslində, fevralın 15-də çağırış olacağı ehtimalı aşağıdır. Fevralın sonuna doğru gözlənti var, amma fevral ayı da bəlli deyil. Çünki konkret bir tarix təyin olunmayıb. Önəmli olan vaxt deyil, nəticədir.

Heç kim yanlış təəssürat yaratmasın ki, bu məsələ Öcalanın iradəsinə buraxılıb. Məsələ Öcalan deyil, dövlətdir. Təşəbbüs, iradə və qərar qəbuletmə səlahiyyəti dövlətə məxsusdur. Öcalan bu prosesdə rol oynamaq istədiyini bildirərək, təşkilatın qurucu lideri kimi buna səlahiyyəti və gücünün çatdığını söyləyib. Öcalana bir fürsət verilib. Digər yandan, heç nə Öcalanın dodaqları arasından çıxacaq çağırışa bağlı deyil.

Bir şey aydındır: Prezident Ərdoğan “terrorsuz Türkiyə” mövzusunda qətiyyət göstərir. Dövlət bu məqsədə çatmaq üçün uzun müddətdir hazırlıq görür. Öcalanın çağırışı üsullardan biridir. Nə qədər təsirli olacağını görəcəyik. Ankara qərarlıdır, beynəlxalq konyuktura da əlverişlidir”.

Qeyd edək ki, Abdullah Öcalanın mümkün çağırışının PKK-nın ləğvi və ya buraxılacağı ilə bağlı olacağı gözlənilir.