
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Vyanada Josefstadt hədsxanasının birnəfərlik kamerasında ölü tapılıb.
Publika.az-ın məlumatına görə, məhkəmə nümayəndəsi, Əliyevin ehtimal olunduğu kimi, özünü asaraq intihar etdiyini bildirib. Avstriya KİV-nin məlumatına görə, o, özünü bintlərlə paltar asılqanından asıb.
Onun bir neçə həftə əvvəl üç nəfər saxlanılan kameradan birnəfərlik kameraya köçürüldüyü bildirilir. Həbsxana administrasiyası onun intihara meylli olmadığını deyib.
Qeyd edək ki, ötən ilin dekabrında Əliyev 2007-ci ildə iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunub. Bu işlə əlaqədar Qazaxıstan dəfələrlə onun ekstradisiyasını tələb edib.
Daha əvvəl Qazaxıstanın Avstriyada səfiri olmuş Əliyev ona qarşı cinayət işinin siyasi motivlərlə qaldırıldığını iddia etmişdi. O, könüllü olaraq Avstriya hakimiyyətinə təslim olduğu 2014-cü ildən bəri həbsdə idi.
Əliyev Nursultan Nazarbayevin böyük qızı Dariğa ilə 1983-cü ildə evlənib. 1980-ci illərdə Rahat Əliyev 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləyib. Qazaxıstanda onun karyerası 1990-cı illərin əvvəlində inkişaf etməyə başlayıb.
O, Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrini tutub. Əliyevin 2002-ci ildə Avstriyaya səfir təyin olunması fəxri sürgün kimi qiymətləndirilirdi.
2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirib, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. Məhz o zaman ölkənin ən iri kredit idarələrindən biri olan Nurbankla qalmaqal qızışmağa başlamışdı.
Özü də Nurbank-ın səhmdarı olan Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin – oğurlanmasında ittiham ediblər.
Nazarbayevə müxalif
Əliyev Dariğa Nazarbayeva ilə hələ 2007-ci ilin iyununda – özünün vətənə təhvil verilməməsi xahişilə Avstriya hakimiyyətinə müraciət etdikdən sonra – qaibi boşanmışdı.
Cinayət işi açıldıqdan sonra Əliyev Nazarbayevə müxalif mövqeyə keçdiyini bəyan edib.
2008-ci ildə Rahat Əliyev hakimiyyəti zəbt etməyə hazırlaşmaq və insan oğurluğu ilə məşğul olan cinayətkar qrup təşkil etmək ittihamı ilə vətənində qiyabi surətdə ümumən 40 il müddətinə həbsə məhkum edilib.
Vyana məhkəməsi 2011-ci ildə Əliyevi Qazaxıstana ekstradisiya etməkdən imtina edib. Avstriya hakimiyyəti Əliyevə qarşı öz araşdırmasını başlamışdı.
2014-cü ilin yanvarında Qazaxıstan prokurorluğu Əliyevin və sabiq MTK başçısı Alnur Musayevin müxalifətçi Altınbek Sarsenbayevin, onun sürücüsü və mühafizəçisinin qətllərinin hazırlanmasında əlləri olduğunu yoxlamaq üçün onlara qarşı cinayət işi açmaq haqqında vəsatət verib.