ABŞ, Böyük Britaniya və Fransa HƏMAS Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin qətli ilə bağlı Rusiyanın irəli sürdüyü bəyanat layihəsini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın İsrailin vəhşiliyini pisləyən təklifini bloklayıblar”, – İrəvani çıxışında vurğulayıb.

Xatırladaq ki, daha əvvəl BMT TŞ-nin dövri sədri Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcəyini açıqlamışdı.

İ.Həniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.