Rusiya mediasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçiyə nəzərdə tutulan səfərinin hədəfləri və müzakirə ediləcək məsələlərlə bağlı müzakirələr başlayıb.
Teleqraf.com-un məlumatına görə, şərqşünaslıq üzrə mütəxəssis Andrey Çupriqin deyib ki, Türkiyə prezidenti iki problemi həll etmək üçün Soçiyə uçur.
Onun sözlərinə görə, Türkiyənin həll etmək istədiyi birinci məsələ Suriyanın şimalındakı vəziyyət, ikincisi, taxılın Ukrayna limanları vasitəsilə ixracı barədə razılaşma ilə əlaqədardır.
Akademik Aleksey Malaşenko isə Ərdoğanın rusiyalı həmkarı ilə görüşündə "Bayraqdar" pilotsuz uçuş aparatının birgə istehsalı ilə bağlı məsələnin gündəmə gələ biləcəyini istisna etməyib: "Amma bu haqda informasiyam yoxdur. "Bayraqdar"ı istehsal edən şirkət Rusiyaya bir dənə də olsun pilotsuz uçan aparat verməyəcəyini bəyan edib".
Politoloq Aleksey Zudinin fikrincə, Rusiya-Türkiyə əməkdaşlığı son vaxtlar liderlər səviyyəsində çox aktivdir: "Bayraqdar"a gəlincə, əgər bu baş verərsə, tortun kremindəki çiyələk olar".
Xatırladaq ki, Putin Türkiyə ilə birgə "Bayraqdar"ın istehsalı ilə bağlı təklif vermişdi.