13 ildir ABŞ-ın Quantanamo həbsxanasında saxlanılan Əfqanıstan vətəndaşı Məhəmməd Rəhim Haqmal Əfqaninin səhhətinin pisləşməsi səbəbindən azadlığa buraxılması tələb olunur.
Teleqraf.com xəbər verir ki, Məhəmməd Rahimin Quantanamoda son əfqan əsir olduğu bildirilir və hakimiyyəti ələ keçirən Talibanın onun sərbəst buraxılması üçün hərəkətə keçəcəyi gözlənilir.
2017-ci ildə Məhəmməd Əfqaninin ağciyər və qaraciyərində, eləcə də böyrək və sinəsində qabırğasında şiş aşkarlanıb. Xərçəng olduğuna dair ciddi şübhələri olan Əfqani hələ də lazımi testlərdən keçməyib. Vəkili bu testlərin ictimaiyyətə açıqlanmasını tələb etsə də, ABŞ bu məlumatların məxfi olduğunu bildirir.
50 yaşlarında olan Əfqani Əsədullah Harun Güllə birlikdə hələ də Quantanamoda saxlanılan iki əfqandan biridir. Əfqaninin səhhəti ilə bağlı narahatlıqlar günbəgün artır. İnsan haqları təşkilatları onun ən qısa müddətdə azad edilməsini tələb edir.
İşgəncə mərkəzi
2002-ci ilin yanvar ayından bəri dünyada işgəncələrə görə tənqid olunan Quantanamo həbsxanasında ümumilikdə 780 nəfər saxlanılıb. Onlardan 731-i sərbəst buraxılıb və ya başqa həbsxanalara köçürülüb, 9-u Quantanamoda saxlanılarkən ölüb.
Məhəmməd Rahim də daxil olmaqla 39 nəfərin hələ də Quantanamoda saxlanıldığı bildirilir. Bu adların ən diqqət çəkəninin və ABŞ-ın ən çox maraqlandığı şəxslər - Xalid Şeyx Məhəmməd, Əbu Zübeydə, Rəmzi bin əl-Şibə, Mustafa əl-Həvsavi, Əmmar əl-Bəluşi, Valid bin Ataş olduğu deyilir.
Məhəmməd Rahim Haqmal Əfqani kimdir?
1965-ci ildə Əfqanıstanın Nangarhar əyalətində doğulan Əfqaninin SSRİ-Əfqanıstan müharibəsində iştirak etdiyi bildirilir. ABŞ Əfqanini 2000-ci illərdə “Əl-Qaidə” lideri Üsamə bin Ladenlə yaxın münasibətlərdə olmaqda və onun köməkçisi olmaqda ittiham edir. Ancaq bu ittihamın heç bir sübutu yoxdur.
2007-ci ildə Lahorda Pakistan qüvvələri tərəfindən əsir götürülən Əfqani müəyyən müddət fərqli mərkəzlərdə saxlanıldıqdan sonra ABŞ-a təhvil verilib. Uzun müddət barəsində xəbər olmayan Əfqani 2008-ci ildə Quantanamoya göndərilib.
Əfqani burada işgəncələrə məruz qalıb. ABŞ işgəncə iddialarını təsdiq edən məlumatların olmadığını bildirib.