BAKI, 19 iyun. TELEQRAF

Azərbaycan idmançısı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək.

Bu barədə Teleqraf-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü kimi tarixə düşüb. Yarımorta çəki dərəcəsində döyüşçünün rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Qeyd edək ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Turnirin ikinci əsas döyüşündə isə orta çəki dərəcəsində Şarabutdin “Shara Bullet” Maqomedov braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək.

Gecənin proqramında daha iki azərbaycanlı döyüşçü – Nazim Sadıxov və Fərman Həsənov da yer alacaq. Sadıxov braziliyalı Mateus Kamiloya, Həsənov isə ABŞ təmsilçisi Erik Nolana qarşı mübarizə aparacaq.