BAKI, 23 may. TELEQRAF

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatı sona yaxınlaşır.

Teleqraf xəbər verir ki, dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Elvin Necəfzadə (85 kiloqram) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabı ilə geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.

Gülay Xasməmmədova (36 kiloqram) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medalı boynundan asıb.

Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya çatıb. Bunlar 4 qızıl, 1 gümüş və 1 bürünc medaldan ibarətdir.