BAKI, 12 may. TELEQRAF
Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı UFC yenidən Bakıda turnir keçirəcək.
Teleqraf xəbər verir ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Gecənin əsas döyüşündə yüngül çəkidə reytinqin 9-cu pilləsində qərarlaşan Rafael Fiziev 14-cü sırada olan meksikalı nokaut ustası Manuel Torreslə üz-üzə gələcək.
Tədbirin biletləri mayın 15-i saat 10:00-dan etibarən iTicket üzərindən satışa çıxarılacaq. Fight Club üzvləri biletləri mayın 13-də, öncədən qeydiyyatdan keçən azarkeşlər isə mayın 14-də əldə edə biləcəklər.
Fiziev daha əvvəl Rafael dos Anjos və Brad Riddell üzərində qələbələri ilə tanınıb. O, ötən ilin iyununda Bakıda keçirilən turnirdə Ignacio Bahamondesi məğlub etmişdi.
Manuel Torres isə peşəkar karyerasında 17 qələbə qazanıb. Meksikalı döyüşçü bu qələbələrin 16-sını ilk raundda rəsmiləşdirib.
Gecənin ikinci əsas qarşılaşmasında orta çəkidə Şara Maqomedov braziliyalı Mişel Pereyra ilə döyüşəcək.
Turnirdə Bakı əsilli Nazim Sadıxov da oktaqona çıxacaq. O, yüngül çəkidə braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq.
Bundan başqa, Asu Almabayev yüngül çəkidə Çarlz Consonla üz-üzə gələcək.