BAKI, 19 mart. TELEQRAF
Bakıda keçiriləcək növbəti UFC turnirinin iki döyüşü müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə "Ag Fight" portalı məlumat yayıb.
Turnirin əsas döyüşlərindən birində Dağıstanın tanınmış idmançısı Şarabuddin Maqomedov (Şara Bullet) braziliyalı Mişel Pereyra ilə qarşılaşacaq. Karyerası ərzində keçirdiyi 22 döyüşün 21-də qalib gələn Maqomedov təcrübəli rəqibi ilə Bakı rinqində gücünü sınayacaq. Pereyranın hesabında isə 47 döyüşdən 32 qələbə var.
Gecənin digər qarşılaşmasında isə rusiyalı Andrey Pulyayev özbəkistanlı Nursulton Ruziboyevlə üz-üzə gələcək. Bu barədə məlumatı Pulyayev öz şəxsi teleqram kanalında paylaşıb: "İyunun 27-də Bakıda Ruziboyevə qarşı döyüşəcəyəm. Hazırlıq üçün kifayət qədər vaxtım var, zədəmi tam sağaldıb rəqibə qarşı ciddi hazırlaşacağam". Pulyayev indiyədək çıxdığı 14 döyüşün 10-da, Ruziboyev isə 47 döyüşün 36-da qələbə qazanıb.
Qeyd edək ki, UFC turniri Bakıda ilk dəfə 2025-ci ilin iyunun 21-də keçirilib.