BAKI, 24 aprel. TELEQRAF
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib macarıstanlı Daniel Seqedi olub.
Rəqibinə cərimə xalları ilə qalib gələn azərbaycanlı idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Avropa çempionatında ikinci medalı olub. ilk yarış günündə Əhməd Yusifov (60 kq) da bürünc medala sahib çıxıb.
*** 15:58
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan rusiyalı Danil Lavrentev olub.
Rəqibinə ipponla uduzan azərbaycanlı idmançı mübarizəni bürünc medal uğrunda davam etdirəcək. O, macarıstanlı Daniel Seqedi ilə üz-üzə gələcək.
Məmmədəliyev əvvəlki qarşılaşmalarında ardıcıl olaraq, böyük britaniyalı Benjamin Levi, Portuqaliya təmsilçisi Otari Kvantidze və azərbaycanlı olimpiya çempionu Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarının finalında yendiyi fransalı Joan-Benjamin Qabanı üstələyib. Heydərov qitə çempionatından öncə xəstələndiyi üçün heyətdən çıxarılıb. Nəticədə onu Məmmədəliyev əvəzləyib.
Bu gün mübarizə aparan Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə (57 kq) ilk görüşündə latviyalı Anastasiya Sokiryanskaya qalib gəlsə də, 1/8 finalda isveçrəli Binta Ndiayeyə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.